|
Bu sığorta ilə, poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında avtomobil, hava, dəniz və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.), təminat məktubu, nəqd pul (manat və ya valyuta), külçə və digər formada olan əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsində göstərilən şərtlər və aşağıdakı istisnalar daxilində təminat verilir. Aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə, əlavə sığorta haqqı müqabilində təminat verilir:
- Tətilçilərin, sahibkar tərəfindən bağlanmış müəssisə işçilərinin etiraz nümayişləri və ya tətil, qarışıqlıq və ya xalq hərəkatlarında iştirak edən şəxslərin hərəkətləri;
- Tətil, müəssisənin sahibkar tərəfindən bağlanması (lokaut), qarışıqlıq və ya xalq hərəkatları;
- Terroristlərin və ya siyasi məqsədlər güdən şəxslərin hərəkətləri;
Aşağıda göstərilənlər, ancaq sığorta şəhadətnaməsində xüsusi şərtlər göstərilməsi yolu ilə sığorta təminatına daxil edilə bilər:
- Məzənnə və ya birca qiymət fərqləri;
- Səhm və istiqrazların faiz/gəlir payı və s. kuponları;
- Nəqliyyat, sığorta və bank komission xərcləri;
- Gömrük vergiləri və digər rəsmi xərclər;
- Sığorta dəyərinin 10%-dən çox olmaması şərtilə, gözlənilən gəlir.
Başqa cür razılaşma yoxdursa, hadisənin başvermə səbəbindən asılı olmayaraq aşağıdakı hallar nəticəsində meydana gələn ziyan, zərər və xərclərə təminat verilmir:
- Müharibə, vətəndaş müharibəsi, iğtişaş, qiyam, üsyan və bunların nəticəsində baş verən daxili qarışıqlıq;
- Zəbtetmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma (qarət istisna olmaqla), onların nəticələri və ya onlara təşəbbüs;
- Unudulub qalmış minalar, mərmilər, bombalar və digər hərbi sursatlarla toqquşmanın nəticəsi.
Sığorta təminatına daxil ediləməyən hallar
Aşağıdakı hallar nəticəsində baş verən ziyan, zərər və ya xərclərə sığorta təminatı verilmir:
- Qadağan edilmiş və ya gizli ticarət (qaçaqmalçılıq);
- Sığortalının və ya onun işçilərinin qəsd hərəkətləri, etibardan sui-istifadəsi və ya kobud səhvləri;
- Sığortalanmış əmlakda gözlə ayırd edilməsi mümkün olmayan çatışmamazlıqlar və qüsurlar;
- Sığorta edilmiş əmlakın lazımi qaydada qablaşdırılmaması;
- Gecikmələr və müəyyən edilmiş daşıma müddətindən artıq gözləmələr;
- Bu şərtlərin 2.2. bəndində göstərilənlər istisna olmaqla, nəticə ilə əlaqədar bütün növ zərərlər;
- Daşınacaq qiymətli əşyanın miqdarı, dəyəri, alıcının ünvanı və bu kimi digər məlumatların sığortaçıya, yük daşıyan firmaya və ya poçt idarəsinə yarımçıq və ya səhv bildirilməsi;
- Müvafiq idarələrin və ya daşıyıcının təlimatına və ya irəli sürdüyü şərtlərə əməl edilməməsi;
- Qanunvericiliyə əsasən etibarsız sayılan saxta sənəd və təminat məktubları.
Sığorta təminatının başlanması və sona çatması
Sığorta təminatı, qiymətli əşyaların daşınma üçün yük daşıma firmasının səlahiyyətli nümayəndəsinə, mühafizə altında həyata keçirilən daşımalarda isə, mühafizəni təmin edəcək şəxsə təhvil verilməsi ilə başlayır.
Sığorta təminatının başlaması üçün qiymətli kağızların, yük daşıma firmasının səlahiyyətli nümayəndəsinə və ya mühafizəni təmin edəcək şəxsə öhdəlik və ya təhvil-təslim qəbzi ilə təhvil verilməsi zəruridir.
Sığorta təminatı, qiymətli əşyaların son təyinat məntəqəsində alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə (müvafiq səlahiyyətə malik işçisinə) təhvil verildiyi zaman sona çatmış hesab olunur. Təhvil vermə vaxtının uzandığı hallarda, sığorta təminatının müddəti qiymətli əşyaların son təyinat məntəqəsinə çatdırıldığı tarixdən hesablanmaqla üçüncü günün sonuna qədər davam edir.
Göndərilən qiymətli əşyaların hər hansı bir səbəbdən alıcıya təhvil verilə bilməməsi və ya alıcının həmin mallardan imtina etdiyi hallarda, sığorta təminatının müddəti razılaşdırılmış əlavə sığorta haqqının ödənilməsi şərtilə, həmin qiymətli əşyaların sığorta etdirənə geri qaytarılmasına qədər davam etdirilə bilər.
|