|
Sığorta təminatının əhatə dairəsi
Bu sığorta şərtləri ilə aşağıda göstərilən heyvanlara təminat verilir;
Sığorta oluna bilən heyvanlar və onların yaş həddləri:
- 1 yaşından 12 yaşına qədər (12 yaş da daxil olmaqla) at, uzunqulaq və qatırlar;
- 1 yaşından 9 yaşına qədər (9 yaş da daxil olmaqla) inəklər, öküzlər;
- 1 yaşından 14 yaşına qədər (14 yaşda daxil olmaqla) camışlar;
- 1 yaşından 4 yaşına qədər (4 yaş da daxil olmaqla) yerli və merenos qoyunlar, anqor keçisi;
- 6 aylığından 3 yaşına qədər (3 yaş da daxil olmaqla) donuzlar;
- 1 yaşından 8 yaşına qədər (8 yaş da daxil olmaqla) ev, ov, gözətçi və çoban itləri.
Uzun müddətli sığortalar zamanı, sığortalanmış heyvan sığorta olunduğu müddət ərzində yuxarıda göstərilən yaş həddinə çatarsa, həmin heyvana məxsus təminat ləğv olunur.
Sığorta təminatına aşağıdakı halların nəticəsində dəyən ziyan və zərərlər daxil edilir;
- Bütün növ adi və keçici xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatı aparılması;
- Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi;
- Şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması və ya dərmanlanmış sahədə otlaması;
- Fırtına, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya sürüşməsi;
- Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburən kəsdirilməsi də daxil olmaqla, tələf olmasına görə sığorta etdirənə dəyən həqiqi zərərlər.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər
Aşağıdakı hallar yalnız əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilir:
- Dəniz, hava və avtomobil yollarında mühərrikli və ya mühərriksiz nəqliyyat vasitələrilə həyata keçirilən daşımalar zamanı baş verən tələf olma və ya kəsilmə;
- Tətil, lokaut, qarışıqlıq, xalq hərəkatları və bunlarla əlaqədar hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər.
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
Aşağıdakı hallar sığorta təminatına daxil edilmir:
- Manqo, saqqo, at vəbası, heyvan vəbası, vərəm, bruselyoz, keçici ciyər ağrısı xəstəlikləri;
- Oğurlanma, itmə və dəyişdirmə;
- Yarış, oyun və ya güc sınaqları;
- Bütün növ yarış atları və sirk heyvanları;
- Müharibə, hər cür hərbi hərəkətlər, istila, xarici düşmən hərəkətləri (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin nəticəsi;
- Nüvə partlayışı radiasiya, radioaktiv çirklənmə və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlərin nəticəsi;
- Səlahiyyətli orqanların sığortalı heyvanlardan istifadə etməsi nəticəsində, baş verən tələf olma və ya kəsilmələr.
|